Yerin 70 metr dərinliyində 500 gün keçirən qadın
O, mağarada sadəcə 160-170 gün keçdiyini düşünürdü...
2021-ci ildə ispaniyalı ekstremal idmançı Beatriz Flamini yerin təxminən 70 metr dərinliyindəki bir mağaraya təkbaşına endi və ətraf dünya ilə bütün əlaqəsini öz istəyi ilə tamamlə kəsdi.
48 yaşlı qadın telefon, saat və s. əşyalar olmadan mağaraya düşmüşdü. Günəş işığını qətiyyən görmürdü. İşıq mənbəyi kimi başındakı fənəri işlədirdi. Səssiz, rütübətli və qaranlıq mağarada kitablar oxuyur, papaq toxuyur, yeməyini bişirib yeyərək günlərin keçirirdi. Qida və su isə ona müəyyən qeyri-bərabər fasilələrlə yuxarıdan göndərilirdi. Amma bu müddət ərzində o, heç kimlə əlaqə qura bilməzdi. Bir sözlə - Qadının dünyadan xəbəri yox idi. Təbii ki, tezliklə qadının yuxu rejimi pozuldu və o, zaman anlayışını itirdi.
Mağaradan çıxarılan qadına yuxarıda belə bir sual verildi. Neçə gündür mağarada yaşadığını təxmin edirsən?
Qadın, təxmininin 160-170 gün olduğunu dedi. Həqiqət isə bundan tamamilə fərqli idi... Artıq 2023-cü il idi. Beatriz Flamini 500 gündür ki, mağarada yaşayırdı. Amma o, sadəcə 160-170 gün keçdiyini düşünürdü. Bu dövr ərzində qadın çəki itirdi, əzələləri zəiflədi, işığa və səsə qarşı çox həssaslaşdı, bioloi saatı dəyişdi və zehni ləngimə yaşadı. Bu hadisənin nəticələri elmi araşdırmalar üçün istifadə edilir.
Müəllif
Ceyhun Qurbanov


