Tarixin ən qəribə epidemiyası
İnsanlar dayanmadan rəqs edir...
Koronavirusu, ebolanı, hantavirusu unudun... Bu gün sizə tarixin ən qəribə epidemiyasından danışacam: Rəqs epidemiyası!
1518-ci ilin iyul ayı. Strasburq şəhəri. Frau Troffea adlı qadın qəfildən, heç bir səbəb olmadan küçəyə çıxır və oynamağa başlayır. O, dayanmadan günlərlə rəqs edir. Yorğunluqdan huşunu itirir… Amma oyananda yenidən rəqsə davam edir. Bir həftə ərzində şəhərdə 34 nəfər də bu qadına qoşulur. Hamısı fasiləsiz küçələrdə oynamağa davam edir. Özlərini saxlaya bilmirlər. İsti, yorğunluq, ayaqların qanaması belə onları dayandırmır.
Avqust ayının sonunda rəqs edənlərin sayı 400 nəfərə çatır. Artıq insanlar ölməyə başlayırlar. Rəqs edən insanlar ürək tutması, insult və susuzluqdan ölürlər.
Sonda rəqs edən insanları kiləsəyə apararaq dini rituallarla onları sakitləşdirə bilirlər. Epidemiya sona çatır.
Bilirəm, çox qəribə səslənir, amma bu real hadisədir. Elm bu epidemiyanı 2 əsas nəzəriyyə ilə açıqlayır.
Bir. Həmin dövrlərdə Strasburq əhalisi aclıq, yoxsulluq və xəstəliklərlə mübarizə aparırdı. Bütün bunlar insanları ekstrimal dərəcədə yüksək psixoloji stres altında saxlayırdı. Bu kütləvi stres insan şüurunda qırılmaya səbəb oldu və özünü kütləvi histeriya ilə göstərdi.
Tarixdə buna bənzər başqa bir hadisə 1962-ci ildə Tanzaniyada baş verib. İnsanlar kütləvi gülüş epidemiyasından əziyyət çəkiblər.
İki. Erqotizm. Bu nəzəriyyəyə görə epidemiya çovdar çörəyində yaranan bir göbələklə bağlıdır. Həmin göbələyin yaratdığı maddələr insanda güclü hallisunasiyalar yarada bilir.
Siz nə düşünürsünüz? Əsl səbəb nədir?
Müəllif
Ceyhun Qurbanov


