Tarixin ən böyük fırıldaqçılarından biri - Natwarlal
Tac Mahalı, Qırmızı qalanı, Hindistanın Parlament binasını və digər tarixi binaları satan fırıldaqçı...
Natwarlal gənc yaşlarında imzaları təqlid edə bilmək bacarığını kəşf etmiş və qonşusunun imzasını çəkərək bankdan 1000 rupi pul götürmüşdü. Həmin pul onun bütün həyatını dəyişdirdi. Çünki Natwarlal bir daha dayanmadı. O, ömrünün axırına kimi fırıldaqçılıq edərək yaşadı.
Natwarlalın əsas hədəfi varlılar və fahişələr idi. Zamanla Natwarlal o qədər peşəkarlaşdı ki, möhtəşəm memarlıq nümunəsi sayılan Tac Mahalı düz 3 dəfə zəngin inanlara satdı. O, bu cür böyük fırıldaqları xüsusi psixaloji oyunlarla və yüksək səviyyədəki saxta sənədləşdirmə ilə bacarmışdı. Bunu əsasən zəngin əcnəbi iş adamlarına qarşı edirdi. Bahalı geyinir, yaxşı danışır və inandırıcı saxta sənədlər göstərirdi. Natwarlal onları inandırırdı ki, Hindistan hökuməti ciddi maliyyə problemləri səbəbindən Tac Mahalı özəl investorlara satmaq və ya uzunmüddətli icarəyə vermək qərarına gəlib.
İddiaya görə, onun yaratdığı 50-dən çox saxta obraz var imiş. Natwarlal obrazını hədəfinə uyğun seçir, peşəkar aktyor kimi rolunu ustalıqla oynayırdı. Heç vaxt silah istifadə etməyib. Bütün bu əməllərinə baxmayaraq insanlar onu sevirmiş. Çünki o, kasıblara pul paylayırdı və onlara ziyafət verirdi.
Natwarlal dəfələrlə həbs edilib və düz 9 dəfə həbsdən qaçıb. Qaçmaq deyəndə tunel qazmaq filan gəlməsin ağlınıza. O, hər dəfə müxtəlif üsullarla mühafizəçiləri aldadaraq elə əsas qapıdan yeriyərək həbsxanadan çıxırdı. Son dəfə həbs ediləndə onun 84 yaşı var idi və əlil arabasına məhkum idi. Amma buna baxmayaraq Natwarlal son dəfə yenə qaçmağı bacardı. Daha sonra qardaşı onun öldüyünü dedi və cəsədini yandırdığını bildirdi. Üzərindəki 100-dən çox cinayət tarixə qovuşdu. Bir daha heç kim onu görmədi. Ta ki, 13 il sonra vəkili onun artıq həqiqətən öldüyünü bildirənə qədər. Bir sözlə Natwarlal son nəfəsinə kimi yalan danışmağa və insanları aldatmağa davam etdi.
"Natwarlal" sözü bu gün Hindistanda "fırıldaqçı" mənasında işlədilir...

Müəllif
Ceyhun Qurbanov


