Şimpanzelər arasında 7 ildir davam edən müharibə...
Bu müharibə insanlar arasında yox, şimpanzelər arasında gedir
Uqandada yaşayan dünyanın ən böyük şimpanze qrupu öz daxilində 2 hissəyə bölünüb. Son 7 ildə bir qrup digər qrupa qarşı hücumlar, pusqular və suiqəsdlər edərək 24 meymunun ölümünə səbəb olub.
Araşdırmaçılar onları 30 ildir yaxından izləyirlər. Həmişə mehriban olan və birlikdə yaşayan bu qrup 2015-ci ildən sonra 2 ayrı hissəyə bölünüb və bir-birinə qarşı savaşa başlayıb.
Bu savaşın arxasında təbii ki, insanlar arasında olan idealoji, dini və siyasi motivlər yoxdur. Bəs, əsl səbəb nədir?
Məsələni aydın izah etmək üçün 9 əsas mərhələyə bölmüşəm:
Birinci mərhələ. İlk olaraq şimpanzelərin yaşadığı “Ngogo” meşəsi meyvələrlə zəngin bir meşədir. Həmin zənginlik onların sayının kəskin artmasına səbəb olub. Bu qrup 200-dən çox fərdi ilə dünyanın ən böyük şimpanze qrupudur. Amma meşənin məhsuldarlığı fəsildən asılı olaraq dəyişir. Bu dəyişiklik şimpanzelər arasında gizli qida rəqabəti yaradır.
İkinci mərhələ. Qrup böyüdükcə meymunlar arasında əlaqələr azalır, məsafələr artır və nəticədə qruplaşmalar yaradır.
Üçüncü mərhələ. Qrupda fərdlər arasında əsas əlaqəni yarada 6 yetkin şimpanze 2014-cü ildə qəfildən ölür. Bu ölümlər sanki meymunlar arasındakı körpünü sındırır. Meymunlar qərb və mərkəz olmaqla 2 ayrı qrupa bölünür.
Dördüncü mərhələ. Bölünmə zamanı qruplar arasındakı erkək və dişilər arasında cütləşmə də dayanır. Hər kəs ancaq öz kiçik qrupundakı dişilərlə cütləşməyə məcbur qaldığı üçün rəqabət və stres kəskin artır.
Beşinci mərhələ. 2015-ci ildə mərkəzi qrupun alfa meymunu dəyişir. Qərb klanından olan bir meymun mərkəz klanında hakimiyyətə keçir. Qruplar bir-birindən tamamilə qopur və artıq onlar bir-birindən qaçmağa başlayırlar.
Altıncı mərhələ. 2016-cı ildə qruplar öz sərhədlərini çəkirlər. Şimpanzelər həmin sərhəd nöqtələrinə patrul çıxaraq öz ərazilərini qorumağa başlayırlar.
Yeddinci mərhələ. Meşədə epidemiya baş verir və 25 şimpanze ölür. Onlar arasında qrupları barışdıra biləcək son neytral meymunlar da həyatını itirir.
Səkkizinci mərhələ. Artıq qruplar arasında heç bir sosial əlaqə qalmır. 2018-ci ildə qərb qrupu mərkəz qrupuna qarşı sistematik suiqəsdlərə başlayır. Ən az 7 şimpanze öldürülür.
Doqquzuncu mərhələ. Gələcəyin məhvi. 2021-ci ildə etibarən qərb meymunları mərkəz meymunlarının gələcəyini, yəni balalarını hədəf alırlar. 17 bala şimpanze öldürülür…
Hazırda savaş davam edir. Görünür, qardaş qırğını törətmək sadəcə insanlara aid deyil. Bu bizim genetikamızda və təbiətimizdədir...
Bu mövzu ilə bağlı ətraflı məlumat almaq üçün - keçid linki
Müəllif
Ceyhun Qurbanov


