Maraqlı detallar gizlədilmiş rəsm əsəri
160 il əvvəl çəkilmiş rəsmdəki maraqlı detallar
Bu rəsm əsərində 1 yox, 3 gəlinin rəsmi təsvir edilib. Rəssam əsərdə o qədər maraqlı detallar var ki, gəlin onlara bir-bir yaxından baxaq.

Diqqət etdinizsə gəlin gənc, bəy isə qocadır. Gəlin ağlamamaq üçün özünü güclə saxlayıb. O, bu evliliyə heç həvəsli deyil. Əlindəki şamı geyiminə yaxın və diqqətsiz formada tutub. Yəni gəlinliyinin yanması belə onu narahat etmir. Əsərdə təkcə bu xanımın üzü parlaq çəkilib. O, gəncliyi və bakirəliyi təmsil edir.

Bəyə yaxından baxaq. Əsərdə ən soluğun üz onun üzüdür. Ətrafa təkəbbürlə və yuxarıdan-aşağı baxır. Bahalı kostyumunun üzərində xidməti döş nişanı, boğazında medalı var. Bu medallar toy geyimi üçün uyğun deyil. Amma bəy özünü önəmli insan kimi göstərmək üçün toya medalları ilə gəlib.

Bəy və gəlinin qarşısındakı rahib sanki zənginliyin, sərvətin qarşısında əyilib.

Rahibin arxasında bir qoca qadının başı görünür. Bəyin arxasında da ona oxşar başqa yaşlı bir qadın var. Hər iki obraz əsərdə ən soluğun rənglərlə çəkilmiş şəxslərdir. Bu qadınların başında gəlinin başındakı kimi bir çələng var. Onlar bəyin əvvəlki, ölən həyat yoldaşlarının ruhudur. Əyinlərində kəfən var və diqqətlə yaşlı bəyə baxırlar.

Əsərdə sağ tərəfdə gəlinin arxasında bir gənc oğlan dayanıb. Bu oğlan bəyə nifrətlə baxır, çünki qızı sevir. Həmin gənc, əsəri çəkən rəssamın özüdür. “Qeyri-bərabər nikah” adlı bu rəsm əsəri 1862-ci ildə rus rəssam Vasili Vladimiroviç Pukirev tərəfindən çəkilib. Rəssam bu əsərlə həmin hadisəni ölümsüzləşdirib və dövrünün problemlərini işıqlandırıb.

Əsərdəki yaşlı bəy bir neçə il sonra ölüb. Gəlinə isə heç bir miras verilməyib. Həmin xanım ölənə kimi Moskvada yoxsullar evində qalıb.

Müəllif
Ceyhun Qurbanov


