Kleopatranın sirri açılmaq üzrədir...
2000 ildir ki, Kleopatranın məzarı axtarılır
2000 ildir məzarı axtarılan Kleopatranın sirri açılmaq üzrədir. Bütün bunlar, bir vaxtlar heç kimin inanmadığı bir qadının – Kathleen Martinezin inadkar uğurunun nəticəsidir.
Dominikanlı hüquqşünas olan Martinez uşaqlıqdan bəri Kleopatra ilə bağlı kitablar oxuyub, mənbələr araşdırıb, bir gün onu tapmağın xəyalını qurub.
O, 20 illik uğurlu hüquq karyerasını qəfil yarımçıq qoyaraq, uşaqlıq arzusunun ardınca – Misirə getməyə qərar verib. Martinezin tək bir məqsədi var idi: Kleopatranın itmiş məzarını tapmaq. Misirə ilk gələndə, sahə üzrə real təcrübəsi olmayan xanıma arxeoloqlar şübhə ilə yanaşırlar. Çünki əksər tarixçilər Kleopatranın məzarının İsgəndəriyyənin su altında qalmış Kral Məhəlləsində olduğunu iddia edirdilər.
Lakin xanım Martinez hamıdan fərqli düşünür. O, məzarı tamam başqa yerdə – İsgəndəriyyədən 45-50 kilometr qərbdə yerləşən "Taposiris Maqna" məbədində axtarmağa başlayır. Martinezin nəzəriyyəsi sadə, lakin güclü bir məntiqə əsaslanırdı: Kleopatra özünü ilahə İsislə eyniləşdirirdi. Əfsanəyə görə, İsis, parçalanmış sevgilisi Osirisi axtarıb tapmışdı. "Taposiris Maqna" adı da məhz "Osirisin böyük məzarı" demək idi. Kleopatra da sevgilisi Mark Antoni ilə birlikdə, İsis və Osiris kimi əbədi olaraq bu müqəddəs yerdə dəfn olunmaq istəyirdi. Kleopatra elə yer seçməli idi ki, düşmənləri onun məzarını tapmasın. İllərlə hamı bu axtarışı "vaxt itkisi" adlandırsa da, Martinez haqlı çıxmaq üzrədir.
O, qazıntılar zamanı üzərində Kleopatranın siması olan sikkələr, Mark Antoninin büstünü və ən əsası – yerin 13 metr dərinliyində, uzunluğu 1300 metrdən çox olan nəhəng bir tunel tapdı! Bu tunel bizi birbaşa Aralıq dənizinin sularına aparır. Martinez əmindir ki, tarixin ən böyük sirri məhz tunelin sonunda, suların altındadır…
Tapmacanın son parçalarından biri isə bu yaxınlarda üzə çıxıb. Ərazidə həmin dövrə aid batmış bir gəminin qalıqları tapılıb. Uzunluğu 35 metr olan bu gəmi, öz dövrünün ən lüks gəzinti gəmilərindən biri hesab edilir. Kleopatranın məhz bu cür gəzinti gəmiləri olub. Martinez əmindir ki, Kleopatra belə bir gəmi ilə bu tunelin sonuna - son mənzilinə gətirilib. Rəvayətə görə, Kleopatra ölümündən əvvəl dünyada heç bir kişinin onun məzarını tapa bilməyəcəyini deyib. Yəni, onun məzarını bir qadın tapa bilər. İzləyək və görək... Kathleen Martinez həmin qadın ola biləcəkmi? Kleopatranın məzarında bizi hansı gizli sirrlər gözləyir?…
Müəllif
Ceyhun Qurbanov


