İçində bina olan 5 əsrlik möhtəşəm heykəl
Mağarası, otaqları, hidravlik sistemi olan heykəl...
İçərisində gizli otaqlar, mürəkkəb boru sistemləri, heykəllər və mağara olan 5 əsrlik nəhəng heykəl. Əsl mühəndislik möcüzəsi. Apennine Colossus. 11 metrlik bu möhtəşəm heykəl məşhur italyan sənətçi Giambologna tərəfindən 1580-ci illərdə inşa edilib.
Heykəl Apennin dağlarının insanlaşdırılmış təsviridir. Burada çox maraqlı detallar var. "Appennino" sol əli ilə aşağıda dəniz canavarının başını yerə sıxır. Onun altında isə mağaranın girişi var.
Heykəlin arxa tərəfində içəri daxil olmaq üçün bir qapı var və qapının üzərində gözətçi kimi dayanan əjdaha heykəli yerləşir. İçəridə pilləkənlərlə bir-birinə bağlı olan otaqlar var. Bu otaqlar heykəllər və rəngli daşlarla bəzədilib. Ən yuxarı hissədə - heykəlin baş hissəsində balaca bir otaq var. İddiaya görə burada kamin olub və onun tüstüsü heykəlin burun deşiklərindən çölə çıxırmış.
Heykəlin divarları kifayət qədər qalındır və içərisində dövrünün qabaqcıl, mürəkkəb hidravlik sistemi gizlədilib. Divarın içindəki həmin borularla su aşağıya düşür və dəniz canavarının ağzından çölə axır. Heykəlin ətrafında süni göl var.
Sadəcə bir heykəl yox, həm də bir bina hesab olunan Apennine Colossus -kərpic, daş və gipsdən inşa edilib. 5 əsrdir ki, o, öz möhkəmliyini qoruyub saxlayır və hələ də ayaqüstədir.
Müəllif
Ceyhun Qurbanov


