Eyfel qülləsini satan adam... Dünyanın ən güclü fırıldaqçılarından biri
Qəzetdəki bir xəbər onun beynində bu böyük fırıldağın işıqlarını yandırdı
Tarixin ən böyük fırıldaqçılarından biri ilə tanış olun. Eyfel qülləsini satan adam - Viktor Lustiq.
Viktor çexdir. Uşaqlıqdan gələn öyrənmək istedadı və təhsilə marağı sayəsində o, beş dil öyrənib. Hələ o vaxtlar - dərsdən sonra qumar oynayırmış. Həmin illərdə bir neçə kiçik cinayətə görə qısa müddət həbsdə olub. Viktorun məşhur fırıldaqlarından biri - pul çap edən qutular idi. Onun iddiasına görə, bu qutular yüz dollarlıq əsginaslar çap edirdi, amma altı saata. Bu altı saat vaxt Viktorun qutunu satıb, pulu götürüb aradan çıxması üçün yetərli idi.
1925-ci ildə Viktor qəzetdə bir məqalə oxudu və ağlına yeni fırıldaq ideyası gəldi. Qəzetdə yazılmışdı ki, Eyfel qülləsinin paslanmasına görə təmiri üçün böyük büdcə lazımdır və dövlət bu büdcəni təmin etməkdə çətinlik çəkir. Məqalənin sonunda jurnalist qülləni satmağın daha yaxşı ola biləcəyini qeyd etmişdi. Bu sözlər Viktorun beynində yeni qığılcımlar yandırdı... Özünə yeni şəxsiyyət vəsiqəsi düzəltdi, dəftərxana ləvazimatları alıb Eyfel qülləsi ilə bağlı təqdimat hazırladı. Parisin beş ən böyük metal qəbul edən şirkətinə məktub göndərdi. Kişinin oğlu bizim şirkətlər kimi tender elan etdi. Viktor görüşlərdə şirkət əməkdaşlarına qəzetdə yazılan məsələləri əsas gətirərək maksimum inandırıcı olmağa çalışdı. O, görüşdə tez-tez iştirakçıların reaksiyalarına fikir verir və ən çox inanan şəxsi hədəf seçib əsasən ona fokuslanırdı. Bu dəfə həmin şəxs "André Poisso" idi. Viktor vaxtın məhdud olduğunu və satış üçün cəmi bir günün qaldığını bildirdi. Tenderi udmaq üçün o, Andredən hörmət, yəni rüşvət istədi. Təklif qəbul olundu. Ertəsi gün Viktor çamadanla dolu pulu götürdü və Vyanaya qaçdı. Müştəri isə məsələdə rüşvət olduğu üçün polisə müraciət edə bilmədi.
Bir il sonra Viktor çox təhlükəli bir şey etdi. Dövrün məşhur mafiyası Al Kapondan 50 min dollar pul götürdü və bir aya 100 min edib geri qaytaracağına söz verdi. Amma pulu aparıb banka qoydu və bir ay sonra gətirib əlli mini Al Kapona geri qaytardı. İşlərin düz getmədiyini dedi və üzr istədi. Al Kaponun daş ürəyi yumşaldı və bu dürüst hərəkətə görə Viktora beş min dollar da verdi ki, xərcləsin. Dedi halal xoşun olsun.
İllər sonra Viktor yenidən Parisə qayıtdı və Eyfel qülləsini ikinci dəfə satmağa cəhd etdi. Bu dəfə müştərilər fırıldağı başa düşdü və polisə xəbər verdi. Lakin Viktor qaçmağı bacardı. Sonrakı illərdə Viktor ABŞ-da saxta pul fırıldaqçılığına görə həbs edildi. Qısa müddətdən sonra o, həbsxanadan qaçmağı bacardı. Növbəti dəfə həbs olunduqda isə onu yüksək təhlükəsizlik sistemi olan məşhur Alkatraz ada həbsxanasına yolladılar.
Viktor Lustiq min doqquz yüz qırx yeddinci ildə həbsxanada pnevmoniyadan vəfat etdi. Viktor deyirdi ki, "Dürüst adamları başa düşə bilmirəm, çox sıxıcı həyat yaşayırlar".
Müəllif
Ceyhun Qurbanov


