Elm "Tollund adam"ın sirlərini üzə çıxardır
24 əsr əvvəl ölən adamın mükəmməl formada qorunmuş cəsədi
Polis bu cəsədi görəndə onun təzəcə öldüyünü düşünmüşdü, amma əslində bu adam əsrlər əvvəl ölüb…
1950-ci il. Danimarka, Yutlandiya yarımadası. Torf kəsən işçilər bataqlıqda bir kişi cəsədi tapdılar. Cəsəd yeni kimi görünürdü. Dərhal polisə xəbər verildi. Əvvəlcə cəsədin itkin düşmüş bir adama aid olduğunu düşündülər, amma axtarışlar nəticəsiz qaldı.
Adamın başındakı papaq sanki başqa dövrə aidmiş kimi görünürdü. Boynuna isə heyvan dərisindən hazırlanmış qədim bir ip keçirilmişdi. Daha detallı araşdırmadan sonra cəsədin yeni yox, 2400 il əvvələ aid olduğu müəyyən edildi…
Soyuq iqlim, oksigensiz və turşuluğun çox olduğu bataqlıq şəraiti cəsədi əsrlər boyunca mükəmməl formada qorumuşdu.
Bataqlıqlardan tapılan çox cəsəd var. Amma cəsədin bu cür qorunmuş halda tapılması çox nadir rastlanan hadisədir. Alimlərin müasir analizlərlə cəsəd barədə bu qədər çox məlumatı əldə etməsi hadisəyə başqa bir maraq qatır. Görün, elmin inkişafı ilə insanlar 2400 illik cəsəddən hansı məlumatları əldə edə biliblər.
Adam təxminən 40 yaşında ölüb. Ölüm səbəbi asılaraq boğulmadır. Cəsədin boynundakı ip, çənə və boynundakı izlər və dilindəki şişlik boğulmanı təsdiqləyir. Boyundakı “V şəkilli” iz isə adamın yuxarıdan asıldığını göstərir. Boyunun ön qismindəki dilaltı sümük qırılmayıb. Bu, o deməkdir ki, asılma anidən edilməyib. Adamı yavaş-yavaş əzabla boğublar.
Cəsədin saçının izotop analizi onun son 6 ayda 32 kilometr məsafə qət etdiyini göstərir və son 4 ayda öldüyü ərazidə yaşadığını bildirir. Amma bud sümüyün izotop analizi zamanı son 10 ildə tamamilə başqa bir yerdə yaşadığını göstərir. Yəni, adam başqa bir qəbilədəndir.
Ölümündən ən az 12 saat əvvəl yemək yeyib. Onun yediyi son şeylər - arpa, kətan, alaq otları, bir qədər balıq və sıyıq olub. Amma maraqlıdır ki, yeməyinin içində çox miqdarda qum və kömür hissəcikləri var. Bu fakt ölüm səbəbini ritual ilə əlaqələndirməyə kömək edir.
Kişinin boyu 161 santimetrdir. Öz dövrü üçün kiçik boy sayılır. Amma bataqlıq cəsədin kiçilməsinə səbəb ola bilər.
Analizlər göstərir ki, adam mütəmadi olaraq üzünü qırxırmış, amma öldüyü son gün üzünü qırxmayıb.
Bu kişinin öldürülmə səbəbi hələ də tam məlum deyil. Başında papaq var, amma bədəni çılpaq formada olub. Bu onu təhqir etmək və ya tanrılara qurban vermək üçün edilmiş ola bilər. Bəzi araşdırmaçılar ölümün qurban, bəziləri isə cinayət olduğunu müdafiə edir. Bəs siz nə düşünürsünüz?
“Satqınlar və fərarilər ağaclardan asılır. Qorxaqlar, müharibə istəməyənlər və bədənlərini rəzil edənlər bataqlıqlarda boğulurlar.” -Tasit Korneli (55 - 120) /Roma tarixçisi
Müəllif
Ceyhun Qurbanov


