Dünyanın ən hündür zirvəsini fəth edən ən yaşlı adam
80 yaşında Everesti, 90 yaşında Fuci dağını fəth edən adam...
Dünyanın ən hündür zirvəsinə qalxan ən yaşlı adam. Tarixdə indiyə qədər 6 mindən çox insan Everesti fəth edə bilib. Onların içindəki ən yaşlı adam Yaponiyadan olan 80 yaşlı Yūichirō Miuradır.
O, 8848 metrlik zirvəni 3 dəfə fəth edib. 70, 75 və 80 yaşında. Bu kişi tarixdə gördüyünüz ən əzmkar insanlardan biridir. Miura son rekordundan əvvəlki on il ərzində 4 dəfə ürək əməliyyatı keçirib və bir dəfə çanaq hissəsindəki 5 sümüyü qırılıb. Lakin o, öz rekordunu qırmaq üçün ağır məşqlərinə qətiyyətlə davam edib.
Yūichirō Miura bunu etmək üçün hər gün hər ayağına 5 kiloqram, belinə 30 kiloqram yük bağlayaraq 14 kilometr məsafə qət edib. Əlavə olaraq az oksigenli otaqda qaçış aparatında da məşq edib. Bu fiziki məşqləri istisnasız hər gün yerinə yetirib.
Rekorddan sonra da Miura kişi müxtəlif xəstəliklər keçirib və əməliyyat olunub. 2020-ci ildə onun bədəninə xüsusi ürək cihazı yerləşdirilib. Buna baxmayaraq Miura, 90 yaşında 3776 metr hündürlüyündəki Fuci dağını fəth edib.
Hazırda bu əfsanəvi insanın 93 yaşı var. Onun iradəsi və əzmi bizə göstərir ki, zehnimizdəki divarları aşsaq, öz zirvəmizi fəth edə bilərik.
Müəllif
Ceyhun Qurbanov


