Albert Eynişeydi
Dünya,Ölkələr

Dünya görüşünüzü artıracaq məlumatlar

19 noyabr 2026

Bu məlumatlara inanmaya bilərsiniz, amma realdır. Dünyada sualtı poçtu olan bir ölkə var. Vanuatu adlı həmin ölkədə suyun 3 metr dərinliyində poçt şöbəsi işləyir. İnsanlar bu poçtla məktublarını göndərə bilirlər. Çox gülməli görünür, amma həqiqətdir.

Dünyamız belə maraqlı ölkələr və qeyri-adi məlumatlarla zəngindir. Bu məqalədə onlardan bəzilərini sizinlə paylaşacağam.

Bu ölkənin paytaxtı sözün əsl mənasında batır. Söhbət Meksikanın paytaxtı Mexiko şəhərindən gedir. Bəzi ərazilərində torpaq ildə 50 santimetrə qədər çökür. Bunun əsas səbəblərindən biri yeraltı suların həddindən artıq çıxarılmasıdır.

Paytaxt demişkən, dünyada 3 paytaxtı olan bir ölkə var. Söhbət Cənubi Afrika Respublikasından gedir. Burada Pretoriya inzibati, Keyptaun qanunverici, Blumfonteyn isə məhkəmə paytaxtıdır.

Bura isə dünyanın ən çox dil müxtəlifliyinə sahib ölkəsidir. Təxminən 10 milyon əhalisi olan Papua-Yeni Qvineyada 843 fərqli dildə danışılır. Adamın başı xarab olar.

Dünyada ən çox UNESCO Dünya İrsi obyektinə sahib ölkə İtaliyadır.

Keçək Almaniyaya. Adı çəkiləndə ağlınıza, bəlkə də, ilk olaraq pivə gəlir. Amma bu ölkə çörək növlərinə görə dünya birincisidir. Almaniyada 3 mindən çox çörək çeşidi var.

Çörək yeyib-yemədiklərini bilmirəm, amma dünyanın ən uzunömürlü insanları Yaponiyada yaşayır. Burada 100 yaşdan yuxarı insanların sayı 107 mini keçib. Maraqlıdır ki, onların təxminən 88 faizi qadındır.

İsveçrə isə bütün əhalisini sığınacaqlarla təmin edə bilən yeganə ölkədir. Burada 9 milyon insan üçün təxminən 370 min fərdi və ictimai sığınacaq var.

Hələ də istifadə edilən ən qədim milli bayraq Danimarkanındır. Onlar "Dannebrog" adlanan bu bayrağı 8 əsrdən çoxdur ki, istifadə edirlər.

Bu siyahı bitməz, amma məqalə burada bitməlidir.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər