Canlıları sonsuz sayda klonlamaq mümkündür?
20 il davam edən maraqlı araşdırma
Bir canlını sonsuza qədər klonlamaq mümkündürmü? Yaponiyada 20 ildir aparılan çox maraqlı bir araşdırma var.
Yamanashi Universitetinin araşdırmaçıları 20 il əvvəl bir dişi siçanı klonlayıblar. Sonra həmin klonu da klonlayıblar. Və yeni klonu bir daha klonlayıblar. 20 il ərzində bunu düz 58 dəfə ediblər...
Nəticələr çox maraqlıdır. Əsas sual budur: 1-ci siçanla 58-ci siçan tamamilə eynidirmi? Alimlər bildirir ki, ilk 25 klonda hər şey normal imiş. Siçanlar tam sağlam idi. 27-ci klondan etibarən doğum sayı azalmağa başlayıb. 58-ci klonda isə doğulan hər canlı 1 gün sonra ölüb.
Bunu kağız serokopiya prosesinə bənzədirlər: Kopyanın kopyasının kopyasını çıxaranda kağız daha solğun olur. Siçanlar xarici görünüşünə görə eyni olsa da, onların genetikası bu illər ərzində dəyişib. Klonlama zamanı baş verən genetik səhvlər təbii çoxalma zamanı baş verən səhvlərdən 3 dəfə çoxdur.
Bu araşdırma göstərdi ki, "məməli canlıları" sonsuza qədər klonlamaq hələ ki, mümkün deyil…
Müəllif
Ceyhun Qurbanov


