“Akrobatlar” adlı rəsm əsərindəki maraqlı detallar
O, sanki uzaqlara, bəlkə də gələcəkdə bu əsərə baxan insanlara baxır...
Akrobatlar adlı bu rəsm əsərində rəssam, ölmək üzrə olan bir uşağı və onun ailəsini təsvir edib. Rəssam əsərdə o qədər maraqlı detallar işləyib ki, gəlin bu detallara birlikdə baxaq.

Uşaq qanlar içindədir. Dərisinin rəngi ölümə yaxınlaşdığını göstərir. O, arxada göstərilən ipdən yıxılıb. Anası uşağı qucaqlayıb öpür və onun gözündən yaş süzülür. Qadının qarşısında yerdə kartlar düzülüb. Deməli qadın əvvəlcə fala baxıb. Yerdəki bu kart ölümü təmsil edir. Ana bu ehtimalı bildiyi halda yenə də uşağını səhnəyə çıxardıb.
Yanda oturan oğlan, uşağın atasıdır. O, peşman, çarəsiz və kədərlidir. Adamın yanındakı it də onun kimi kədərlidir. Digər it isə qadının ayaqlarına toxunur və sanki onu təsəlli edir. Arxada daha qaranlıq çəkilmiş hissədə insanlar sadəcə hadisənin gedişatını izləyirlər. Rəssam onları daha qaranlıq çəkərək insanların biganəliyini göstərmək istəyib.
Bu səhnədə ailənin kədərinə etinasız qalan tək bir canlı var. O, da zəncirlə bağlanmış bayquşdur. Bayquş həm ölümün xəbərçisi, həm də müdrikliyin simvoludur. O, sanki uzaqlara, bəlkə də gələcəkdə bu əsərə baxan insanlara baxır.
Əsərin müəllifi fransız rəssam Gustave Doré-dur. O, "Akrobatlar" əsəri haqqında bunları deyib. "Onlar pul qazanmaq üçün uşaqlarını öldürdülər və ancaq həmin zaman ürəkləri olduğunu kəşf etdilər".

Müəllif
Ceyhun Qurbanov


