60 ildir yanmağa davam edən qəsəbə
Dövlət bu yanğını söndürə bilmir...
60 ildən çoxdur ki, bu qəsəbə alovlar içində yanmağa davam edir və dövlət onu söndürə bilmir.
Pensilvaniya ştatının Centralia qəsəbəsində hər şey 1962-ci ilin may ayında başlayır. Qəsəbənin bələdiyyəsi zibilliyi təmizləmək üçün yandırmağa qərar verir. 5 əməkdaş həmin əraziyə göndərilir. Zibillər yandırılır, amma yanğını söndürmək mümkün olmur. Çünki yanğın həmin ərazidə illər əvvəl tərk edilmiş keçmiş kömür şaxtasına sızır. Qeyd edim ki, qəsəbənin altı labirinti xatırladan kömür mədəni tunellərindən ibarətdir.
Dövlət bu yanğını söndürmək üçün illərlə müxtəlif üsulları yoxlayır, büdcədən 7 milyon dollar pul xərclənir, amma yanğını söndürmək mümkün olmur. Centralia qəsəbəsinin altı yanmağa davam edir. Zəhərli qazlar qəsəbəyə sızır, küçələrdə qaynar çuxurlar açılır. Qorxu filmi kimi bir mənzərə yaranır…
Yanğının 20-ci ilində dövlət yanğınla mübarizəni dayandırır və ona təslim olur. Qəsəbə sakinlərinə kompensasiya ödəyərək onları ərazidən köçürürlər. Bir neçə sakin köçməyə razı olmur və onlardan bəziləri hələ də bu qəsəbədə yaşayır.
Mütəxəssislər bu yanğının hələ 250 il də davam edəcəyini təxmin edirlər...

Müəllif
Ceyhun Qurbanov


