6 milyard dollarlıq zərərə səbəb olan1 sm-lik xəta
Hadisə 2004-cü ildə Airbus şirkətində baş verib...
"Airbus A380" modelinin hissələri müxtəlif ölkələrdə istehsal edilir, bir mərkəzə daşınır və orada yığılır. Təyyarənin yığılması mərhələsində məlum olur ki, quyruq hissəsindən keçən əsas elektrik kabelləri və fiber-optik xətlər təyinat nöqtəsinə çatanda təxminən 1 santimetr qısa gəlir.
Kabelləri dartıb uzatmaq və ya kəsib birləşdirmək olmaz, mütləq yenidən istehsal edilməlidir. Bir təyyarə təxminən 100 minə yaxın hissədən ibarətdir. Kabellər təyyarə boyunca müxtəlif mexanizmlərin, hissələrin içindən keçir. Yəni kabelləri dəyişmək üçün hər şey sökülməli, daşınmalı və yenidən yığılmalıdır. Bütün bunlar gecikmə, daşınma və istehsalat xərcləri deməkdir.
Xətanın səbəbi araşdırılır və məlum olur ki, səbəb sadəcə proqram yenilənməsindədir. Şirkətin mühəndisləri "CATIA" adlı 3D dizayn proqramını işlədirmişlər. Fransa və İngiltərədəki mühəndislər istifadə etdikləri proqramı yeni versiyaya "update" ediblər. Almaniya və İspaniyadakı mühəndislər isə proqramın köhnə versiyasını işlətməyə davam ediblər. Proqram təminatındakı uyğunsuzluq isə yekunda bax bu 1 santimetrlik xətaya səbəb olub.
Bu hadisə Airbus şirkəti üçün 2 illik gecikməyə və 6 milyard dollar zərərə səbəb oldu.
Müəllif
Ceyhun Qurbanov


