37 il həbs yatan günahsız məhkum...
37 ilin əvəzində dövlət ona 14 milyon dollar təzminat ödəyir...
İşləmədiyin cinayətə görə həbs edildiyini təsəvvür et. Böyük ehtimal bunun bir yuxu, bir kabus olduğunu düşünərsən. “Robert Duboise” üçün bu kabus, düz 37 il davam edib.
O, 1983-cü ildə baş verən bir cinayətə görə həbs edilib. Hadisə zamanı bir qadına təcavüz edilib və o, döyülərək öldürülüb. Ekspertiza zamanı qadının yanağında bir iz olduğunu görürlər. Doktor Souviron, qadının yanağındakı izin, diş izi olduğunu iddia edir.
Ərazidəki bir sakin isə 18 yaşlı Roberti polislərə göstərir və onu “həmin yerlərdə problem çıxardan adam kimi” təqdim edir. Polislər 18 yaşlı bu gənci bölməyə aparırlar. Robert polislərə qarşı heç bir maneə, problem yaratmır və onların istədiyi diş izi testinə də razı olur. Həkim bu diş izlərinin qadının yanağındakı izlə üst-üstə düşdüyünü iddia edir. Robert həbs edilir.
Həbsxanada Robertlə birlikdə olan başqa bir məhkum polisə Robertin cinayəti etiraf etdiyini deyir. Bu ifadədən sonra həmin məhkumun həbs müddəti azaldılır. Bu iki fakt məhkəmə tərəfindən əsas götürülür. Bir - Diş izi. İki - digər məhkumun ifadəsi. Hakim Robert üçün edam cəzası verir.
Robert Duboise 3 il boyunca həbsxanada öz edamını gözləyir. 3 il sonra məhkəmə, edam cəzasını ləğv edir və ömürlük həbs ilə cəzası ilə əvəzləyir. Robert, həbsxanadan hər yerə yazaraq günahsız olduğunu deyir, öz etirazlarını edir. Nəhayət, “Məsumiyyət Layihəsi" onun səsini eşidir və onun işi üçün vəkillər ayrılır. Vəkil məhkəmədən DeEnTe analizi tələb edir.
2006-cı ildə məhkəmə həmin işə aid bütün detalların və nümunələrin 1990-cı ildə məhv edildiyini bildirir. 2018-ci ildə “Məsumiyyət Layihəsi"nin əməkdaşları sübut edir ki, 1983-cü ildə öldürülən qadının üzündəki iz, ümumiyyətlə diş izi deyilmiş… Lakin bu fakt Robertin azad olması üçün bəs etmir. 2020-ci ildə Robertin vəkilləri cinayət işinin DeEnTe nümunələrinin tam olaraq məhv edilmədiyini, nümunələrdən birinin bir məhkəmə ekspertinin şəxsi kalleksiyasında olduğunu tapırlar.
Aparılan DNT analizləri Robertin tam günahsız olduğunu sübut edir. 37 il sonra Robert Duboise azad olur. Dövlət ona 14 milyon dollar təzminat ödəyir. Ürəyinheç bir rəqəm 37 ili əvəz edə bilməz...
ƏLAVƏ QEYD:
Bu hekayədə o qədər detal var ki, bu məqaləyə sığışdırmaq üçün maksimum ən önəmli hissələri seçmişəm. Digər məlumatlardan bəzilərini yazım, həvəsiniz varsa, oxuyun.
*Əgər polis doğru adamları həbs etsəydi, cinayətkarar hadisədən bir neçə həftə sonra başqa bir cinayəti işləyə bilməyəcəklərdi.
*Həmin cinayətkarlar həbsdə də cinayətlərini davam etdirmişdilər.
*Cinayətkarlardan biri Robert edamı gözləyəndə onun kamerasından cəmi 50 metr uzaqlıqda - başqa kamerada yatırdı.
*Robert həbsdə bir qadın həbsxana işçisi ilə sevgili olmuşdu. Qadın Robertin günahsız olduğuna inanırdı. İşdən çıxmışdı ki, başqa şəhərə köçüb daha çox pul qazansın və Robertə yaxşı vəkillər tutsun. Amma Robert onun da həyatını puç etməmək üçün daha sonra qadından ayrılmışdı.
*Robertin atası iflic idi. Uşaq yaşlarından tək işləyib ailəsinə baxırdı. Atası onun azad olduğunu görə bilmədi. Robert həbsdə olanda, o, ölmüşdü.
1983-cü ildə Robertin həbsini tələb edən vəkil və prokuror daha sonra yüksək vəzifələrdə işləyiblər. 2016-cı ildə əraziyə yeni prokuror seçiləndə həmin şəxs bu işin açılmasında əsas rol oynayıb. Ona qədər olan şəxslər isə işin açılmasına problemlər yaradırdılar. O vaxt Roberti günahkar sayan digər prokuror isə daha sonra qumar borclarına görə inthar etmişdi.
*Robertin vəkili heç bir DNT nümunəsi tapmamışdı. Daha sonra o, xatırlamışdı ki, polis bölməsindəki bir polis ona belə demişdi: "Bəzək ekspertiza edən şəxslər DNT nümunələrinin bir hissəsini öz şəxsi kolleksiyaları üçün gizlədirlər." Vəkil məhz həmin ekspertiza edən şəxsin kolleksiyasından Roberti xilas edən DNT nümunəsini tapa bilmişdi.
Təsəvvür etdiyimizin əksinə, Robert bu gün lüks həyat yaşamır. 14 milyon dollar təzminat onu dəyişdirməyib. Sakit həyatını yaşayır. Kiçik təmir işləri görür. Qonşulara, dostlara, heyvanlara kömək edir. Övladlığa uşaq götürmək istəyir.
Bu hadisə haqqında internetdə ən detallı yazı və mənbə budur: https://www.tampabay.com/news/crime/2024/05/29/florida-tampa-killer-trial-murder-dna-mystery-innocent-prison-released/#Section-One
(1 il ərzində 2 jurnalist tərəfindən 11 min sənədin araşdırılması ilə yazılıb.)
Müəllif
Ceyhun Qurbanov


