Təyyarəyə sitayiş edən qəbilə
Bu inanc elmə “Karqo kultu” adı ilə yazılıb.

Bu görüntü bizə təyyarəni xatırladır, amma onu hazırlayan insanlar üçün “tanrı” deməkdir. Melaneziya adalarında yaşayan qəbilələr, düzəltdikləri təyyarə heykəllərinə sitayiş edirlər. Onların bu inancının arxasında çox maraqlı tarixi səbəblər var.
İkinci Dünya Müharibəsində Amerika Birləşmiş Ştatları və Yaponiya orduları Sakit okeanın cənub-qərbindəki bu adaları hərbi baza kimi istifadə etməyə başladı. Adada yaşayan insanlar dünya ilə əlaqəsi olmayan, texnologiyadan geridə qalmış, qəbilə formasında yaşayan insanlar idilər.
Bazaya tez-tez təyyarələr enir, əsgərlər üçün qida, dərman və digər ləvazimatlar gətirilirdi. Əsgərlər isə hər gün tüfənglərini çiyinlərinə atıb sıra addımı təlimləri edirdilər.
Yerli qəbilədən olan insanlar gizli-gizli bu mənzərəni izləyirdi. Müharibə bitdi və ordular adadan çıxdı. Amma burada yaşayan insanlar beyinlərində belə bir məntiq qurdular. Əsgərlər heç bir iş görmədən sıra ilə yeriyərək tanrılara sitayiş edirlər. Tanrılar isə onlara “dəmir quşlar” ilə yemək göndərir.
Qəbilələr saman, bambuq və ağacdan təyyarə formasında maketlər hazırladılar. Bambuku silah formasında çiyinlərinə ataraq əsgərlər kimi sırayla yeriməyə çalışdılar. Bu yolla onlar yeni tanrılarına sitayiş etdilər ki, “dəmir quşlar” onların da torpağına bərəkət gətirsin.
Bu inanc elmə “Karqo kultu” adı ilə yazılıb. Əslində, bu qəribə hadisə bizə inanc və miflərin necə yarandığını göstərən canlı nümunədir…
Müəllif
Ceyhun Qurbanov


