Sanki başqa planetmiş kimi görünən yerlər
Dünyamızın üzərində insanı sanki başqa planetdəymiş kimi hiss etdirən yerlər…
Yaşadığımız dünyanın üzərində elə yerlər var ki, insan orada özünü tamam başqa bir planetdə hiss edir. Gəlin, həmin yerləri birlikdə səyahət edək.
Böyük Prizmatik bulaq, Vayominq ştatı. Qaynar suyun və xüsusi bakteriyaların yaratdığı bu rəngarəng nəhəng göy qurşağı hovuzu.

Lensoys-Maranyensis, Braziliya. Ucsuz-bucaqsız bəyaz qum təpələrinin arasına səpələnmiş yüzlərlə mavi gölməçə sanki başqa bir planetin cənnətidir.

Biolüminessent dalğalar, Fars körfəzi, Ərəb dənizi. Suda yaşayan mikroskopik canlılar ən kiçik bir toxunuşda gecə dənizini parlayan ulduzlu, neon-mavi bir sənət əsərinə çevirir.

Vatnajökull buzlağı, İslandiya. Sonsuz mavi səthi və büllur kimi parlayan mağaraları ilə bura sanki donmuş bir planetdir.

İcen vulkanı, İndoneziya. Bu vulkan kükürd qazlarının yanması nəticəsində gecələr qaranlığı yaran möhtəşəm neon-mavi alovlar püskürür.

Vadi-Rum, İyordaniya. Dəmir oksidi ilə qızaran bu qum təpələrində gəzərkən, özünüzü lap Marsın səthində addımlayırmış kimi hiss edəcəksiniz.

Uyuni şoranlığı, Boliviya. Yağışdan sonra nəhəng bir güzgüyə çevrilən bu duz səhrasında səma ilə yerin sərhədi itir. Siz sanki buludların üzərində gəzirsiniz.

Bazalt sütunlar, Kəlbəcər. Milyonlarla il əvvəl lavadan formalaşan bu mükəmməl həndəsi sütunlar təbiətin sirli memarlıq əsəridir.

Göy qurşağı dağı, Peru. 5 min metr hündürlükdə yerləşən bu dağlar sanki təbiətin öz palitrasında qarışdırdığı boyalarla rənglənib.

Pamukkale, Türkiyə. Ağappaq travertin terasları və buxarlanan isti suları ilə bu məkan - buludların göydən yerə endiyi yerdir.

Çjanszyatsze meşəsi, Çin.Buludları dəlib keçən və hündürlüyü min metrə çatan bu qaya sütunları əsl "Avatar" filmindəki Pandora planetinin özüdür.

Çəhrayı göllər. Dünyanın müxtəlif ölkələrind, eləcə də Azərbaycanda rast gəlinən çəhrayı göllər, qeyri-adi rəngini tərkibindəki yosunlar və bakteriyalardan alır.

Müəllif
Ceyhun Qurbanov


