Limon suyu ilə bank soymaq…
Onlardan biri qışqıraraq "axı üzümə limon suyu sürtmüşdüm!" deyirdi...
6 yanvar 1995-ci il. Bu iki adam günün günorta çağı, Pittsburq şəhərinin ortasında üzləri açıq formada 2 bankı soydular və bankın qapısından çıxıb sərbəst formada evə getdilər.
Bir neçə gün sonra polis adamların qapısını döydü və onları həbs etdi. Həbs olunan soyğunçular şokda idi. Adamlar polislərdən onları necə tapdıqlarını soruşdu. Polislər təhlükəsizlik kamerası görüntülərini göstərdi. Adamlar gözlərinə inanmırdı və çox təəccüblənmişdilər.
Onlardan biri qışqıraraq "axı üzümə limon suyu sürtmüşdüm!" deyirdi. Polislər əvvəlcə heç nə başa düşmürdülər. Sonra məlum oldu ki, soyğunçulardan biri televizorda limon suyu ilə bağlı bir fakt eşidib və onu səhv başa düşüb. Üzünə limon suyu sürtüb və poloroid kamera ilə öz şəklini çəkib. Səbəbi bilinməyən bir texniki problemə görə onun üzü fotoda görünməyib. Bu adam limon suyunun həqiqətən işə yaradığına inanıb. Sonra da bildiyiniz hadisələr baş verib...
Bu qəribə və absurd hadisə psixoloq David Dunning və Justin Krugerin diqqətini çəkib. Onlar öz bacarıqlarını və biliklərini həddindən artıq yüksək qiymətləndirən insanların, əslində, nə qədər səriştəsiz olduqlarını anlaya bilməməkləri ilə bağlı elmi araşdırmalar aparıblar. Bu problem elmdə "Dunning-Kruger effekti" adlanır.
Özünə inanmaq yaxşıdır, amma reallıqdan uzaqlaşmağın sonu pisdir...

Müəllif
Ceyhun Qurbanov


